“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Azərbaycanda bilik günüdür


Azərbaycanda bilik günüdür

15-09-2015, 06:26
Oxunma sayı: 371
Bu gün ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır.

Bu gün Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür. Ölkəmizdə yeni dərs ili başlayır, təxminən 150 mindən çox oğlan və qız ilk dəfə məktəbə ayaq basacaq, birinci sinfə gedəcək. Azərbaycan təhsilinin inkişafının əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

O vaxtdan başlayan təhsil quruculuğu sonra inkişafa, bugünkü uğurlara etibarlı zəmin yaradıb. Deyilənlərə nümunə olaraq bir faktı xatırladaq ki, respublikamızda 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatdırılıb. O dövrdə respublika rəhbəri Heydər Əliyevin imzaladığı “Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında” qərarı da xalqımıza böyük töhfə idi. Ulu öndər müəllim əməyinə, müəllim zəhmətinə hər zaman yüksək dəyər verib, çoxsaylı təhsil işçisi SSRİ-nin yüksək orden və medallarına, fəxri adlarına layiq görülüb.

Azərbaycanda ali təhsilin inkişafı da Heydər Əliyev dövründə yeni mərhələyə qədəm qoyub. Təsadüfi deyil ki, ötən əsrin 70-80-ci illərində beş yeni ali təhsil ocağı yaradılıb. Müdrik dövlət başçısının daha bir xidməti həmin illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 mindən çox gənc Azərbaycandan kənarda ali təhsil alıb. Ulu öndərin yaratdığı Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Dünya şöhrətli siyasətçi Azərbaycanda müstəqillik dövründə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb binalarının tikintisi, xaricdə ali təhsil, peşə təhsilinə diqqət artıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Hər il ən yüksək bal toplayan gənclərə Prezident təqaüdünün, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə böyük qayğıdır. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl liseylər və ali məktəblər yaradılıb...

Son illər Azərbaycan təhsili inkişafın yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamıdır. Təhsilin səmərəliyinə və təcrübəli pedaqoji kadrlara diqqət daim artırılır. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət Proqramları uğurla icra edilir. Azərbaycan Prezidenti təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi dəyərləndirir. Məhz bu xoş missiyanın nəticəsidir ki, Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.

Yeni dərs ili üçün paytaxtın 330 məktəb binasından 25-i əsaslı təmir olunub. 2 yeni məktəb binası tikilib, 5 məktəbdə isə yüksək keyfiyyətli cari təmir işləri aparılıb. Respublikanın müxtəlif bölgələrində il ərzində 105 məktəb binası tikilib, 36 məktəb isə əsaslı təmir olunub. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar qəbul edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına əsasən, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür və s.

Bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə məktəblərdən birində - Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyətlə tanış olmuşdur. Məktəbdə təhsilin keyfiyyətinin müasir tələblər səviyyəsində qurulması üçün bütün lazımi şərait yaradılıb. Beş mərtəbədən ibarət məktəbdə 42 sinif otağı var. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün zəruri avadanlıq quraşdırılıb.

1500 şagird yerlik təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub.

Ötən il ölkə başçısının iştirak etdiyi Yasamal rayonu 18 saylı məktəb də tam yenidən qurularaq bütün lazımi şəraitlə təmin edilib. Nəsimi rayonu ərazisində yerləşən Elitar Gimnaziya və Səbail rayonu ərazisindəki 132 və 134 saylı orta məktəb binaları da son illərdə əsaslı təmir olunub. Ötən tədris ilində Quba rayonunun 5 kəndində yeni məktəb binası tikilib istifadəyə verilib. Lənkəran və Şəkidə 30-a yaxın məktəb binası əsaslı təmir olunub. O cümlədən paytaxt Bakıda və bölgələrdə bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəb binalarının tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturun yeniləşdirilməsi nəticəsində şagirdlərin təlim şəraiti yaxşılaşdırılıb. Son illərdə məktəb binalarının tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin, eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin faizi aşağı düşüb. Bu iş indi də davam edir. Prezident İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyələrini verməsi dövlət başçısının bu sahəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla, görülən işlərin keyfiyyətinə də müsbət təsir edib. Ölkə başçısı cari il sentyabr ayının 3-də paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasının əsaslı şəkildə yenidən qurulmasından sonra görülən işlər və yaradılan şəraitlə tanış olmaq üçün məktəbdə olmuşdur. Bu təhsil ocağının binası 1963-cü ildə inşa olunub. 1964-cü ildə 1 nömrəli internat məktəbinin bazasında 1 nömrəli fizika-riyaziyyat və kimya-biologiya təmayüllü internat məktəbi yaradılıb. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılıb. Bu bazada isə 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirib. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı ilə məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey adlandırılıb. Hazırda lisey bu adla fəaliyyət göstərir. Liseydə təmir və yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. Liseyin əsas binasında, yataqxana və yeməkxanasında yüksək standartlar tətbiq olunub. Bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm məsələ dövlət siyasətinin əsas prinsiplərindən biridir. Bu siyasətin nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib.

Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydir. Hazırda liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır. Bu təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil ocağının məzunları arasında 300-dən çox elmlər namizədi, 30-a yaxın elmlər doktoru var.

Prezident İlham Əliyev liseydə ayrı-ayrı sinif otaqlarını gəzmiş, burada yaradılan şəraitlə yaxından tanış olmuşdur. Yeni dərs ili ərəfəsində liseyin bütün sinif otaqları, fənn kabinetləri əsaslı şəkildə təmir edilmiş, lazımi avadanlıq və ləvazimatla təchiz olunmuşdur. Burada ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülmüşdür.

Yeni dərs ili ərəfəsində Prezident İlham Əliyev Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə, Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə, Xətai rayonunda əsaslı şəkildə yenidən qurulan 264 nömrəli məktəb-liseydə və digər təhsil ocaqlarında görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub. Ölkə başçısı görülən işlərdən razı qaldığını bildirib.

Respublikamızda işıqlı və yaraşıqlı məktəb binalarının yaradılması ilə yanaşı, şagirdlərin dərsliklərlə pulsuz təminatı üçün də yeni dərs ili ərəfəsində lazımi tədbirlər həyata keçirilib. 2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV,VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4095370 nüsxə dərslik və metodik vəsait çap olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimlərin statusunun yüksəldilməsinə xidmət edir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Onların bir qismi təhsilini başa vuraraq vətənə qayıdıb.

Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb binası tikilib və yenidən qurulub, həmçinin 40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. “Təhsilə dəstək” layihəsi çərçivəsində yeni dərs ili ərəfəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilib. Fond 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də xarici ölkələrdə yaşayan məktəbli soydaşlarımızı yeni dərs ilində yeni dərs vəsaitləri ilə sevindirir. Gürcüstan, Rusiya Federasiyası, Hollandiya, Türkiyə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyələr alırlar. Bu günlərdə Bakının Qaradağ rayonun Lökbatan qəsəbəsində 139 nömrəli məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunmuşdur.

Bu gün ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Yeni dərs ilində təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir.
Yeni dərs iliniz mübarək!
ANSPRESS
Sosial şəbəkələrdə paylaş: