Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu
Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR... Şehit Baş Leytenant Cabbar Faiqov
QƏHRƏMAN TÜRK OĞLU Fərqanədən Xocalıya… “ANA BİRAZ SƏBR ET, 4 AYIM QALDI GƏLİRƏM” Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi - FOTO



» » AZƏRBAYCAN İQTİSADİYYATININ RƏQABƏTQABİLİYYƏTLİLİK GÖSTƏRİCİLƏRİ


AZƏRBAYCAN İQTİSADİYYATININ RƏQABƏTQABİLİYYƏTLİLİK GÖSTƏRİCİLƏRİ

1-11-2017, 11:27
Oxunma sayı: 237
AZƏRBAYCAN İQTİSADİYYATININ RƏQABƏTQABİLİYYƏTLİLİK GÖSTƏRİCİLƏRİ




Müasir bazar iqtisadiyyatı şəraitində Azərbaycanın sağlam milli iqtisadiyyatını formalaşdırmaq və inkişaf etdirmək məqsədi ilə, bu inkişaf yolunu keçmiş xarici ölkələrin təcrübələrini öyrənmək və onlardan bəhrələnmək nə qədər müsbət hal olsa da, hər bir dövlət əsas ağırlığı öz üzərinə götürməlidir. Birincisi, ona görə ki, dünyada tamamilə eyni xaraterli, eyni qabiliyyətli və eyni zövqə malik olan iki nəfər adam tapmaq mümkün olmadığı kimi, eyni inkişaf yolu keçmiş, eyni xüsusiyyətlərə və potensiala malik olan iki dövlət də tapmaq mümkün deyil. Ona görə də hər bir dövlətin iqtisadi inkişaf modeli bir – birindən əhəmiyyətli dərəcədə fərqlənir. İkincisi, Azərbaycan bir tərəfdən çox çətin və mürəkkəb inkişaf yolu keçmiş, digər tərəfdən zəngin, rəngarəng təbii sərvətlərə, gözəl iqlim şəraitinə və çox istedadlı millətə malik bir dövlətdir. Bunlar Azərbaycanı qısa müddətdə ağır sosial – iqtisadi vəziyyətdən çıxarmağa imkan verən amillərdir. Deməli, Azərbaycanda milli iqtisadiyyatın formalaşması və inkişafı, tamamilə dövlətin qəbul etdiyi və yerinə yetirdiyi iqtisadi siyasətdən çox asılıdır.
Nəticədə iqtisadiyyatın inkişaf dinamikasına görə dünyanın bir çox qabaqcıl ölkələrinə nümunə ola biləcək Azərbaycan modeli özünə getdikcə daha çox diqqət çəkməkdədir. Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Dünyanın “Moodys”, “Fitch Raitings”, “Standard and Poors” kimi reytinq agentlikləri, Dünya İqtisadi Forumu kimi aparıcı təşkilatları ölkəmizdəki makroiqtisadi mühiti hər il qiymətləndirir və nəticələri açıqlayır.
Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) 2013-cü ilə dair hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətə davamlılığına görə dünya ölkələri arasında 39-cu yeri tutmuşdur.
Dünya İqtisadi Forumunun 2017-ci il hesabatına görə isə Azərbaycan rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutub.
Azərbaycan "Əmək bazarının effektivliyi" indeksi üzrə 17-ci, "Məhsul bazarlarının effektivliyi" indeksi üzrə 31-ci, "innovasiyalar" indeksi üzrə 33-cü yeri tutub.
WEF qeyd edir ki, Azərbaycanda hələ də bəzi problemlər qalmaqdadır. Bunlar maliyyə vasitələrinə çıxış, vergi sahəsində tənzimləmə və inflyasiyadır.
Reytinqə əsasən, Azərbaycan postsovet məkanında ən yaxşı yerdə qərarlaşıb. Belə ki, Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü, Tacikistan 79-cu, Ukrayna isə 81-ci yerdə qərarlaşıblar. Digər qonşularımız Türkiyə və İran isə müvafiq olaraq 53 və 69-cu yeri tutublar. Ümumilikdə reytinqə 137 ölkə daxil olub. Reytinqin lideri İsveçrədir (yerini qoruyub). İsveçrəni ABŞ (1 pillə irəliləyib) və Sinqapur (1 pillə geriləyib) izləyir. [5]
İqtisadi təhlil və araşdırmalar üzrə dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə etmişdir – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib. [5]
İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.
Yalnız iki indikator - makroiqtisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq "makroiqtisadi mühit" kateqoriyası altında "hökumətin büdcə balansı" göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada "hökumətin borcu" göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəricilərindən biri inflyasiya səviyyəsi olub.
Bazarın həcmi indikatoruna görə isə mövqeyimizdə dəyişiklik baş verməyib.
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə əksinə mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honkonq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" dünyada əsas narahatedici trendlərdən biri kimi "dağıdıcı bərabərsizlik" qeyd edilsə də, Azərbaycan Cini əmsalının (GİNİ 2008-33.7) [6] aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi bilavasitə prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda prezident İlham Əliyevin 6 dekabr 2016-cı ildə təsdiqlədiyi Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir.
Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri — əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir.
ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdur. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırmışdır. Maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlər, dövlət borcunun aşağı səviyyədə olması, həmçinin dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı pozitiv göstəricilər milli iqisadiyyatın inkişafına öz töhfəsini vermişdir .
Azərbaycan 42 Asiya–Sakit Okean ölkəsi arasında 13-cü yeri tutmuş və onun orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlamışdır.
Son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur.
“Bir pəncərə” prinsipinin tətbiqi Azərbaycanda biznesə başlamağı tam sadələşdirmişdir. Bunun üçün zəruri prosedurların sayı 6-ya endirilmişdir, minimal kapital isə tələb olunmur.
Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmış, ölkə iqtisadiyyatına 150 milyard dollardan çox investisiya yatırılmışdır.
Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olmuşdur və Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.



Zeynəb H. Qiyasova
Azərbaycan Dövlət İqtisad Universiteti
Dissertant
zeynab_giyasova@unec.edu.az
Sosial şəbəkələrdə paylaş: