İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » 104 il yaşamış qəhrəman...


104 il yaşamış qəhrəman...

11-05-2020, 12:12
Oxunma sayı: 1086
104 il yaşamış qəhrəman...Bir-birinin ardıyca qazanılan qələbələr, düşmənin geri çəkilməyə məcbur etmək, alayın şəxsi heyətinin döyüş ruhunu daha da yüksəltmişdi. Alay Moldovanın azad olunmasında iştirak etdikdən sonra, Rumıniya və Bolqarıstanı azad etmək üçün hücuma keçməyə hazır idi. Lakin alayın şəxsi heyəti Dunay çayı sahillərindəki düşmən pusqusundan xəbərsiz idi. Sonu dəhşətli itkililərlə nəticələnəcək mühasirədən xəbərsiz irəliləyən əsgərlər körpüyə yaxınlaşırdı ki, birdən çayın o tayından üzərilərinə yağış kimi güllə yağdıran düşmənin açıq hədəfinə çevrildi. Düşmən qətiyyətlə məğlub olmaq istəmir, çay üzərindəki körpünü qorumaqla hücumun qarşısını almağa çalışırdı. Gözlənilməz pusqu alayın bütün heyətini sarsıtmışdı və ciddi şəkildə itkilərə məruz qoyurdu. Komandir çaşqınlıq içərisində ard-arda “Atəş!” əmrləri verirdi. Alayı mühasirədən çıxarmağın yollarını düşünmək, plan cızmaq, döyüş tapşırığı yerinə yetirmək üçün zaman yox idi. Lakin komandirin “atəş!” əmrlərini yerinə yetirmək mümkün deyildi. Çünki düşmən aman vermirdi. Yerindən tərpənmək istəyən, düşmən gülləsinə tuş gəlib amansızca qətlə yetirilirdi. Komandir çarəsiz şəkildə, son “Atəş!” əmrini alayın pulemyotçusuna verdi. Lakin pulemyotçu əsgər pulemyotdan atəş aça bilmək üçün əlverişli mövqe tutmaq, düşməni susdurmaq üçün bir qədər yüksəkdə qərarlaşmaq lazım olduğunu yaxşı bilirdi. İndiki halda isə bu mümkün deyildi. Belə olan halda əsgər ona tuşlanmış güllələrə məhəl qoymayaraq bir əli ilə “Maksim” pulmeyotunda yapışıb körpüyə tərəf sürünməyə başladı. Çəkisi 64 kq olan təkərli pulemyotla sürünmək olduqca çətin idi lakin, alayı mühasirədən azad etmək, itkilərin sayını azaltmaq lazım idi. Əsgər xeyli sürünərək irəliyə getdi. Komandir onun atəş açmasını gözləyirdi. Əsgər sürünməyə davam edirdi. Düşmən güllələrinin istiqamətini təkbaşına hərəkət edən əsgərə doğru yönəltdi. Cəsur pulemyotçu ona tuşlanmış, üzərinə yağış kimi yağdırılan güllələrə məhəl qoymayaraq, körpünün üzərinə çıxır. Bir qədər də iməkləyib çayın sahilində, düşməndən bir qədər hündür mövqedə qərarlaşır. Pulemyotunun ayaqlarını yerə bərkidib döyüşə hazır vəziyyətə gətirir. Pulemyotun ağzını Rumınya istiqamətinə çevirir. Başının üzərindən uçuşan güllələr, Allahın möcüzəsi ilə ondan yan keçirdi. Əsgər özünü döyüşə hazır hiss etdikdən sonra anidən başını qaldırıb tətiyi basır və durmadan pulemyotun ağzını sağa, sola, yuxarı aşağı doğru hərəkət etdirir. Lakin belə davam edərsə gülləsinin bitəcəyini də hiss edir. Bir müddət sonra qarşı tərəfdən gələn atəş səsləri səngiməyə başlayır. Pulemyotçu əsgərin düşmən üzərinə açdığı atəşlərin heç də hamısı havaya səpilmir, düşmən əsgərlərini bir-bir qırıb tökürdü. Əsgər alayın irəliyə gələ bilməsi üçün tək dəhlizi, köprünü azad etmişdi. Komandir isə bu şansı əldən verməməli, alayı çayın digər sahilinə keçirə və düşmənin qalan qüvvələrini də məhv etməli idi. Pulemyotçu əsgər döyüş tapşırığının öhəsindən kifayət qədər məharətlə gəlmiş və onlarla alman əsgərini məhv edə bilmişdi. Tərkibində döyüşdüyü alayı təkbaşına, ölümü gözə alaraq, mühasirədən qurtara bilmişdi. Çətin döyüşün bitməsindən sonra, komandir bu cəsur əsgərə yaxınlaşır, əlini sıxır və ona “bu döyüşü sən qurtardın!” deyir. Geriyə dönüb digər əsgərlərinə səslənir: “Baxın! Komanda verirəm heç kəs yerinə yetirə bilmir! Hər kəs qorxur. Amma o qorxmur. Əliyev Ömər Osmanoviç qəhrəmandır!” Növbəti gün, alayın sıra düzülüşündə pulemyotçu əsgər Əliyev təltif üçün sıra önünə çağırılır və ona bütün bu qəhrəmanlığına görə sadəcə diviziya komandirinin adından “təşəkkür” bildirilir...
104 il yaşamış qəhrəman...
Yəgin ki, çoxlarınız razılaşarsınız ki, bu əsl film ssenarisinə bənzəyir deyilmi? Elədir. Qəhrəmanlar, təkcə filmlərdə, əsərlərdə, nağıllarda olmur. İkinci dünya müharibəsi illərində, 600 mindən çox, sovet ordusu sıralarına səfərbər olunmuş minlərlə azərbaycanı döyüşçülər, sona qədər, qəhrəmanlıqla vuruşmuş, igidlik göstərmişlər. Onların hər biri ayrı bir tarix yazmış, film kimi həyat yaşamışlar. Bəzilərinin üzlərinə tale gülməmiş öz vətənlərinə qələbə hissləri ilə qayıda bilməmişlər. Bəziləri isə, yuxarıda qəhrəmanlığından söz açdığımız pulemyotçu əsgər, 104 il ömür sürmüş, indiki Astara rayonunda, Talış dağlarının ətəyində yerləşən, mənzərəsi, Xəzər dənizinə və Astara şəhərinə açılan, adının mənası “kar obası”olan Koraoba kəndində doğulmuş, Ömər Osman oğlu Əliyev kimi çətin müharibənin od-alovundan çıxıb vətənlərinə geri dönə bilmişlər.

Ömər Əliyev 10 may 1900-cu ildə anadan olmuşdur. Onun doğum tarixinə dair beş fərqli mənbə vardır. Lakin ən gec tarix məhz elə 1900-cu ildir. Ömər Əliyevə anasını görmək nəsib olmayıb. Atasını isə çox tez, 6 yaşına çatmamış itirib. Atasını itirdikdən sonra qısa bir müddət əmilərinin öhdəliyində yaşayıb.

Bürzüband kənd orta məktəbini 2-ci sinifə qədər oxuya bilib. Gənc yaşlarında bacısı aclıq səbəbindən vəfat edib. 1918-ci il mart soyqrımılarının canlı şahidi olub. Ömər kişi rayonun Sıpiəpard kəndində əhalinin kütləvi soyqırıma məruz qalmasını sağlığında tez-tez vurğulamış və bunu öz gözləri ilə gördüyün deyirdi. Bu fakt təəssüf ki, heç bir tarixi mənbədə öz əksini tapmır. Lakin bu hadisə tarixdə hər nə qədər öz əksini tapmasa da Astara və Lənkəran ərazilərində soyqırımların törədilməsi tarixə və tarixçilərimizə məlumdur. Kiçik yaşlarından həyatın çətinlikləri ilə üz üzə qalan, Ömər həyatının bütün fəaliyyətini kimsəsiz uşaqlara, yoxsul insanlara kömək etməklə keçirib. Əmisi Həsənverdi kişinin ölümündən sonra, onun 5 övladına baxmaq gənc Ömərin öhdəsinə düşüb. Qaçaqların, quldurların, xüsusi ilə də İrandan sərhəddi aşıb Astara kəndlərini talan edən Şahsevən tayfalarının hücumundan qorumaq məqsədi ilə kənddə başsız qalan ailələrə hamilik edib. Öz övladları ilə birgə hamilik etdiyi uşaqların o dövrdə “fuzi” adlanan məktəblərdə və digər təhsil ocaqlarında təhsil almasına şərait yaradıb. Minik olmadığı dövrlərdə mütəmadi olaraq, rayon mərkəzindən aldığı ərzaqları çiyinlərində gətirərək kənd əhalisinə paylayıb. Lakin vətəninə, xalqına millətinə bağlı olan bu insanı, qanlı müharibə sevdiklərindən bir müddətlik ayrı salıb.

SSRİ Müdafiə Nazirliyindəki şəxsi işində yer alan məlumatlara əsasən 1938-ci ildə Lənləran rayon hərbi kommissarlığında hərbi qeydiyyata alınıb. Qeydiyyat zamanı 38 yaşı olmasına baxmayaraq, iri, fiziki cəhətdən sağlam görünən cüssəsi, üz cizgiləri komissarlıq işçilərini yanıldıb. Bu səbəbdən də onlar Ömər Əliyevin yaşını düz 10 il az, yəni 1910-cu il təvəllüdlü kimi qeyd ediblər. Bəzi mənbələrdə isə doğum tarixi 1913-cü il olaraq göstərilib. 19 yanvar 1942-ci ildə isə Ömər Əliyev 2 azyaşlı oğlunu doğulduqları kənddə tək buraxaraq müharibəyə yollanıb. Mart ayının 5-dən, iyun ayının 28-dək Qafqazın müdafiəsində dayanan, 15-ci ehtiyyat atıcı briqadanın, 46-cı ehtiyat atıcı polkunun atıcısı kimi xidmət göstərib. Krasnodar və Stalinqrad uğrunda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin oktyabr ayında xidmət etdiyi alayla birgə əsir alınıb. Əsir düşdükdən sonra təltif edildiyi bütün mükafatlardan məhrum edilib. Əsir kimi Almaniya ərazisində hərbi sənayedə çalışdırılıb. 1944-cü ilin avqust-sentyabr ayında əsirlikdən qaçmağı bacarıb. Özü bu haqqda sadəcə bunları deyib: “Bizi tutub Almaniyaya apardılar. Orada o qədər hündür binalar vardı ki, yuxarıya baxanda papaq başdan düşürdü.” Əsirlik həyatı ilə bağlı heç vaxt danışmaq istəməyib. Görünür, ağır işgəncələr, çətin günlər ondan yan keçməmişdi və bu hadisələri hər dəfə kiməsə nəql edəndə yenidən yaşamaq istəmirdi. Əsirlikdən qaçma hadisəsini isə yalnızca bu cür ifadə edirdi: “Mən qaçdım. Bir qədər qaçandan sonra qabağıma bir bulaq çıxdı. Orada əyilib su ilçmək istəyəndə, haradansa bir güllə atıldı və güllə qarşımdakı bulağı parçaladı” Əsirlikdən qaçdıqdan sonra 213-cü ehtiyat atıcı alaya qoşulub. Sənədlərdə yazılan məlumatlara əsasən 1944-cü ilin senytabr ayının əvvəllərində 244-cü atıcı diviziyanın 907-ci atıcı alayına təyinat alıb. Ona burada fiziki gücü nəzərə alınaraq pulemyotçu vəzifəsi verilir.Çünki Ömər Əliyev 2 nəfərlik heyəti, 64 kq çəkisi olan “maksim” pulemyotunu tək başına həm daşıyır, həm də rahatlıqla döyüşə hazır vəziyyətə gətirə bilirdi. Belə əsgərlər müharibə şəraitində, əsgər heyəti çatışmayan ordu üçün üstünlük əsas qüvvə hesab olunurdu. Ömər Əliyev isə əsirlik həyatı yaşadığı üçün, SSRİ rəhbərliyi üçün önəmli əsgər hesab olunmurdu. Əksinə bütün döyüşlərdə ən öndə, dağıdıcı, taran qüvvə kimi göndərilməsi nəzərdə tutulmuşdu. Elə həmin ay, yəni əsrilikdən qaçıb gəldiyi ilk aylarda, 244-cü atıcı diviziyanın tərkibində yuxarıda hekayə etdiyimiz Dunay çayı ətrafında gedən döyüşlərdə müstəsna xidmətlər göstərərək, Rumınya və Bolqarıstanın azad olunmasında iştirak edir. Müharibənin sonunadək 244-cü atıcı diviziyanın tərkibində Kazanlık şəhərində xidmət edib. 1945-ci ilin dekabr ayında 1-ci kateqoriya və ehtiyyata buraxılıb.

Yaxınlarının, kənd sakinlərinin dediklərinə görə Ömər Əliyev Sovet ölkəsi dağılan günə qədər müharibə haqqında heç bir hadisəni ətraflı şəkildə nəql etməyib. Müharibə haqqda isə çıx qısa və az danışıb. Yalnız SSRİ süqut etdikdən sonra müəyyən hadisələri üzə danışmağa başlayıb. Buna əsas səbəb isə əsirlik həyatı olub. Əsirlik həyatı yaşaması, əsirlikdən qaçması və yenidən orduda xidmət etməsi, onu, SSRİ süqut edənədək SSRİ “КГБ”-sinin diqqət mərkəzində saxlayıb. Müharibədən sonrakı həyatında fəhlə və eyni zamanda qarovulçu işlədiyi müddətdə belə SSRİ “КГБ”-si onu təqib etməkdə davam edib. Öz övladı kimi baxdığı əmisi oğlu onun aylarla rus zabitləri tərəfindən gecə saatlarında təqib olunmasına dəfələrlə şahid olduğunu qeyd edirdi. Hətda bir çox yubiley medallarının verilməsi üçün adı müharibə iştikaçısı siyahılarına əlavə edilməyib.

Müharibədən sonrakı həyatı:

Ömər Əliyev müharibədən sonrakı həyatını yaşadığı rayonun iqtisadiyyatının dirçəlməsinə, kənd əhalisinin firavan yaşamasına həsr etmişdir. Müharibədən döndükdən sonra bir hektarlıq meşəni tək başına əkin sahəsinə çevirməyə başlamış və həmin sahəyə paxla əkərək müharibədə ailə üzvlərini itirən ailələrə paylamışdır. Növbəti il, həmin ərazidə buğda əkmiş yenə də məhsulun hamısını başsız ailələrə paylamışdır. Hətda bu təqdirəlayiq hərəkəti üçün, SSRİ rəhbərliyi bir neçə dəfə onu sorğuya almışdır. Kimsəsiz uşaqların təhsil alması üçün şəxsən Lənkəran rayon birinci katibiylə görüşər və onlar üçün şərait yaradılmasını tələb edərmiş. 1963-cü ildə doğulduğu Koraoba kəndində ibtidai məktəb binasının tikintisi üçün rayon birinci katibi ilə görüşmüş və ondan müvafiq addımlar atılmasını istəmişdir. Birbaşa onun təşəbbüsü ilə 1963-cü ildə kənddə 3 sinifli ibtidai məktəb binası tikilmiş və tikintisində şəxsən özü təmənnasız iştirak etmişdir. Məktəb binası 3 sinifli olduğuna və şagird tutumu az olduğuna görə uzun zaman öz evinin qonaq evində dərslərin keçilməsinə şərait yaratmışdır. Kənddə yaşanan su problemini müəyyən qədər aradan qaldırmaq üçün öz həyətyanı sahəsində heç kəsin maddi və fiziki köməyi olmadan qazdığı su quyusunu, kənd sakinlərinin istifadəsinə vermişdir. Kənd ərazisində yaşamış bütün kimsəsiz uşaqların toy mərasimlərini öz evində təşkil etmişdir. Son oğul övladına 68 yaşında sahib olmuşdur. Ümumilikdə 10 övladdan 30 nəvəyə sahib idi. 2004-cü ilin iyunun 8-də ömrünün 104-cü ilində doğulub boya başa çatdığı kənddə dünyasını dəyişmişdir.

Allahın bəxş etdiyi inanılmaz güc:

Bu kənddə Ömər kişinin adı çəkiləndə ilk yada düşən maraqlı məqamlardan biri də onun eşitdiyinizdə inanmaq mümkün olmayan gücü ilə bağlıdır. Bir növ Allah vergisi olan bu güc haqqında kənd sakinləri bir birindən maraqlı hadisələr danışırlar. Deyilənlərə görə bir gün palçıqda batıb qalmış tırtıllı trkatorun dartıb çıxarılması üçün əlavə texnika çağırılıb. Lakin Ömər kişi texnikanın gəlməsini gözləmədən, traktoru tək çəkib palçıqdan çıxarıb. Hətda palçıqdan bol olan bu kənddə batıb qalmış bütün maşınların çıxarılması üçün Ömər kişi köməyə çağırılırmış. Daha bir maraqlı hadisə bundan ibarətdir ki, deyilənlərə görə bir gün güclü külək böyük palıd ağacını düz yolun ortasına aşırıbmış. Kəndin kişiləri ağacı dartıb yoldan kənara atmağa çalışdıqları zaman işin üstünə Ömər kişi gəlir və ağacın başına yığılan bütün kişilərə deyir ki, siz keçin ağacın budaqlar olan hissəsindən hərəniz bir yerdən yapışın. Özü isə kötük hissəsini çiyninə qoyub ağacı yoldan kənara atıb. Hətda onu görənlər deyirlər ki, o ata minəndə atın ayaqları ağırlıqdan palçığa batarmış. Müharibədən sonra "Lenin adına Sovxoz"da fəhlə işlədiyi müddətdə "Staxonovçu Ömər" ləqəbini almışdır. Günlərin bir günü bir neçə yoldaş, Mərkəzə məktub yazaraq bildirirlər ki, soxvozda, digər fəhlələrdən artıq əmək haqqı alan Ömər Əliyev adlı bir fəhlə var. Xəbər Bakıya çatır və tezliklə komissiya yaradılaraq və Astara rayonun Kijəbə qəsəbəsinə göndərilir. Komissiya üzvlərinə bildirilik ki, o gündəlik normadan artıq işləyir. Lakin komissiya daxil olan şikayəti dəqiqləşdirmək üçün, əkin sahəsində açıq iclas keçirməyi qərara alır. Sitrus meyvə ağacları 100 sm enində və 100 sm dərinliyində, üzvi gübrə ilə qarışıq münbit torpaqda əkilməlidir ki, bu ağacların əkilməsi üçün quyuların qazılması 1 fəhlə üçün gündəlik norma 18 ədəd nəzərdə tutulmuşdu. Komissiya rəhbəri masasının üzərindəki saatın düyməsini basaraq Ömər kişiyə “başla!” əmri verir. Ömər kişi, bir saata yeddi ağac quyusu qazaraq 1 saata 7 norma yerinə yetirir. Hadisələri təəccüblə izləyən komissiya üzvləri 1 saat dayanmadan yer qazan fəhləni saxlayırlar. Hesablama aparmağa başlayırlar və hesablamalara görə bir günə dörd fəhlənin normasını yerinə yetirə bilən bu fəhləyə aylıq əmək haqqından səkkiz dəfə artıq yəni, səkkiz fəhlənin toplam maaşı ilə təmin edilməsini qərarını alırlar. Bunula rayon tarixində rekord nəticəyə imza atmış Ömər kişnin təltif edilməsi üçün, Bakıdan gəlmiş komissiya "Lenin Ordeni" üçün mərkəzə müraciət edir. Ordenin təqdim olunması üçün sənədlər hazırlansa da müəmmalı şəkildə təltif təxirə salınır. Qısa müddət sonra ona ayırılan aylıq maaş qeyd olunduğundan iki dəfə az verilir. Əvəzində isə 1979-cu il sentyabrın 17-də "Əmək veteranı" medalı ilə təltif olunur. Bütün bu olanlar danışdığımız hadisələr bir qədər nağıl kimi görünə bilər lakin bütün yazdıqlarımızın canlı şahidləri hələ də sağdır və doğma Azərbaycanımızn Cənub Mirvarisi hesab olunan Astara rayonunda yaşayırlar. Ölümündən 16 il keçməsinə baxmayaraq bu gün də böyükdən kiçiyə hər kəs kənd ağsaqqılını dərin hörmətlə yada salır və onun səxavəti, fiziki gücü haqqında ağız dolusu danışır. Bəli. Allah həyata elə insanlar bəxş edir ki, onları ölümün, müharibənin od-alovlu caynağından, əsir düşərgələrindən çəkib çıxarır. Bununla kifayətlənmir doğum gününə bir gün qalmış ona böyük müharibə qələbəsi hissi ilə birgə 104 il ömür də hədiyyə edir.

Eldar Əzimov
Sosial şəbəkələrdə paylaş: