Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » ŞƏRQDƏN QƏRBƏ AÇILAN PƏNCƏRƏ


ŞƏRQDƏN QƏRBƏ AÇILAN PƏNCƏRƏ

21-06-2018, 13:19
Oxunma sayı: 1462
ŞƏRQDƏN QƏRBƏ AÇILAN PƏNCƏRƏ"Yeddi gözəl", "İldırımlı yollarla"... Əminəm ki, bu əsərlərin ən azından melodiyası ixtisasından, peşəsindən asılı olmayaraq hər bir şəxsə tanışdır. Bu əsərlərin müəllifini soruşsaq inanıram ki, yenə hər bir şəxs Qara Qarayevin adını dilə gətirəcək. Bəli, bu dünya şöhrətli bəstəkar, milli musiqimizə yeni, müasir ifadə vasitələri gətirən və nəhayət, Nazim Hikmətin dediyi kimi şərqdən qərbə pəncərə açan Qara Qarayevdir.

Hər bir bəstəkarın özünə xas musiqi dili, üslubu, dəst-xətti vardır. Bəstəkarların əsərləri bu üslub xüsusiyyətləri nəticəsində bir-birindən fərqlənir. Qara Qarayevin dəst-xətti və fikirləri onu digər bəstəkarlardan kəskin fərqləndirir. Belə ki, Qarayev xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşmanın əleyhinə idi. O hesab edirdi ki, bu cür yanaşma xalq musiqisinin inkişafına maneə törətməkdən və onu bir növ muzey eksponatına çevirməkdən başqa bir şey deyil. O həmçinin musiqini tərbiyəvi bir qüvvə kimi görür, xüsusən Bax, Motsart, Qlinka və Çaykovski musiqisini dərk edən insanın çirkin əməl sahibi olmayacağına inanırdı.

Dahi Üzeyir Hacıbəyovun irsi, onun məsləhətləri Qarayev üçün böyük bir məktəb olmuşdur. Bu haqda o özü belə deyirdi: "Mən xoşbəxt adamam, çünki cavanlıqda böyük bir şəxsiyyət, bəstəkar Üzeyir Hacıbəyovdan dərs almışam. O, musiqimizin lap dərin qatlarına yiyələnməyimizi tövsiyyə edirdi. Bu tək dürüst yoldur. Məhz buna görə Şostakoviç və Prokofyev əsl mənada dahi sənətkardırlar".

Qarayevin digər ustadı haqqında buna bənzər daha bir mülahizəsini qeyd etmək istərdim: "Müəllimim D.Şostakoviç haqqında dərin ehtiram və sevgisiz danışa bilmərəm. Mənim idealımın formalaşması onun adı ilə bağlıdır. Lakin “formalaşma” sözü mənim istədiyimi əks etdirmir, bu söz çox nəzəridir. Böyük ustadın şəxsi cazibəsi, onun özünəməxsus insani və bədii “maqnitizmi” məni qısa müddətdə tamam dəyişdi. Bu, müəllimin sagirdinə qeyri-adi güclü təsiri idi, ancaq bu təsir əl–qolu bağlamırdı, əksinə, yaradıcılığının inkişafına inanılmaz dərəcədə təkan verirdi. Düşüncəsiz uydurmaçılığa, kustarçılığa, musiqilə işbazlığa qəti yol vermirdi".

İstərdim ki, bu dahi şəxsiyyət, dərin zəka sahibi, şərqdən qərbə pəncərə açan Qarayevin yaradıcılıq yolunun parlaq səhifələrini vərəqləyək.

Qara Qarayev yazdığı əsərlərdə insanın daxili hiss və həyəcanını aydın təsvir etmə gücünə malik idi. Hələ tələbə ikən qələmini simfonik və kamera əsərlərində sınayan Qarayev Cövdət Hacıyevlə birgə yazdığı "Vətən" operasında xalqın düşmənə qarşı mübarizəsini, vətənpərvərlik hisslərini aydın təcəssüm etdirmişdir.

Fortepiano üçün "üçsəsli fuqa", simfonik orkestr üçün "Passakaliya və üçmövzulu fuqa" Qarayevin qeyri-təbii fitri isteda malik olduğunun sübutlarıdır.

Qarayev konsert janrı sahəsinə də yeniliklər gətirmişdir. Bəstəkarın görkəmli skripka ifaçısı L.Koqana həsr etdiyi simfonik orkestr üçün konsertində onun novatorluq axtarışları öz əksini tapmışdır. Qarayev Şopen, Şostakoviç, Debüssi ənənələrini milli zəmində təkrar etmişdir. Bu sahədə onun 4 dəftərdən ibarət 24 prelüdünü göstərmək olar. Hər dəftər öz məzmunu, ideyası ilə fərqlənir.

Qara Qarayevin yaradıcılığında vokal janr da xüsusi yer tutur. Onun xor və simfonik orkestr üçün yazılmış "Fokstrot", "Sülh haqqında mahnı", Puşkinin 150 illiyinə həsr edilmiş "Gürcüstan təpələrində", "Mən sizi sevirdim" romanslarını xüsusi qeyd etmək lazımdır.

Xalqımızın unudulmaz şairi, qəzəlləri bəstəkarlarımızın əsərlərinə həyat verən böyük sənətkar Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar Qarayev də özünün möhtəşəm "Leyli və Məcnun" simfonik poemasını qələmə alır.

Nizaminin obrazlarından ilhamlanan bəstəkar özünün "Yeddi gözəl" simfonik süitasını, daha sonra isə görkəmli rejissor G.Hidayətzadənin təklifi ilə Nizaminin "Xəmsə"sinin motivləri əsasında "Yeddi gözəl" baletini yazır. Əgər bəstəkar "Leyli və Məcnun" simfonik poemasında xeyirlə şərin toqquşmasını verirdisə, "Yeddi gözəl" baletində insanın orta əsrlərdə zülm və əsarətə qarşı mübarizəsini aşılayır. Balet 1952-ci ildə səhnəyə qoyulur və o gündən ayaq açıb dünyanı gəzir.

Ömür baharının 4-cü onilliyində bəstəkarın 2-ci baleti səhnəyə qoyulur. Bu irqi ayrı-seçkilik, müstəmləkəçiliyə mübarizə ruhunu özündə əks etdirən "İldırımlı yollarla" baleti idi.

Bəstəkar yaradıcılığında yeniliklərə qucaq açdığı kimi, bir o qədər də klassik ənənələrə sadiq qalaraq əsərlərinə milli intonasiya və ifadə vasitələri qatmışdır. Onun 3-cü simfoniyasında biz bunun şahidi oluruq. Simfoniya "Segah" muğamının başlıca intonasiyası ilə bitir. Simfoniyanın mərkəzində intellektual cəhətdən zəngin, mürəkkəb dünyagörüşlü insan durur. Belə bir obrazı təcəssüm etdirməsi Qarayevin fərqli ideya və üslub xüsusiyətlərindən xəbər verir.

Qarayev yaradıcılığının ən mühüm və ən parlaq səhifələrindən biri də onun kino və dram tamaşalarına yazdığı musiqidir. "Uzaq sahillərdə", "Don Kixot", "Qoyya", "Xəzər neftçiləri haqqında dastan", "Dənizi fəth edənlər", "Vyetnam" filmlərinə, "Nikbin faciə", "İnsan məskən salır", "Otello", "Ölülər" tamaşalarına yazdığı musiqi xüsusi qeyd olunmalıdır.

Qara Qarayev həm də gözəl pedaqoq idi. R.Hacıyev, F.Əlizadə, A.Məlikov, H.Xanməmmədov, V.Adıgözəlov, X.Mirzəzadə, O.Zülfüqarov, T.Bakıxanov məhz Qarayevin yetirmələridir.

Bu gün biz Qarayevin yalnız musiqisini dinləməklə deyil, həmçinin qeydlərini, gündəliklərini, məktublarını oxuyarkən də onun nə qədər dərin zəka sahibi olduğunun açıq-aşkar şahidi oluruq. Bu səbəbdən yazımı Qarayevin vəfatından 13 il əvvəl gündəliyində rus dilində yazdığı bir fikri ilə bitirmək istəyirəm: "İnsanın həyatında ən ali an ölümdür. Həmin anda insan həyatda qalmışlardan yüksəklərə qalxmış bir nəhəng olur. Həyatla vidalaşarkən o dəyişir, ölüm əzabları onu elə bir yüksəkliyə qaldırır ki, oradan dünyanın bütün işləri öz mənasını və əhəmiyyətini itirir. O tək qalır, tamam tək-tənha - heç kimin, heç nəyin köməyinə ümid etmədən həmin ana qədər haqqında heç nə bilmədiyi ölümlə təkbətək qalır. Onu həmişə qorxudan, eyni zamanda bütün xoşbəxt, ya da ki, miskin həyatı boyu gözlədiyi, həm də qəribə bir səbirsizlik içində gözlədiyi həmin dahiyanə görüş baş verir...

O adam böyük deyil ki, həyatda görünümlü bir mövqe qazanıb, əsl böyük o adamdır ki, həmin ali anda baş verənlərin mənasını dərk edərək, ləyaqətlə ölümlə birləşir... "

Müəllif: Nazlı Allahverdiyeva
Sosial şəbəkələrdə paylaş: