Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » Fərqanədən Xocalıya…


Fərqanədən Xocalıya…

11-12-2017, 21:42
Oxunma sayı: 82
Fərqanədən Xocalıya…
“Erməni mənə sual verdi ki, siz Axısxa Türkləri nə üçün Azərbaycana gəldiniz?”

77 yaşlı Gülali Binaliyev 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində, özbək və axısxa türkləri arasında baş verən dəhşətli hadisələrindən sonra Azərbaycana köç edən minlərlə axısxa türkündən sadəcə biridir. Tarixi vətənlərindən sürgünün acısı keçmədən, yenidən sürgün həyatı yaşayan Binaliyevlər ailəsi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ savaşının tam ortasında qaldı. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq, orada yaşayan əhalini vəhşicəsinə qətlə yetirməyə başladılar. Gülali Binaliyevin iki oğlu tarixə qara bir ləkə kimi düşən “Xocalı Faciəsi” nəticəsində itkin düşdü.
Fərqanədən Xocalıya…
1992-ci ilin qanlı faciəsinə qədər Ermənistandan, Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanə faciəsindən sonra didərgin salınan Axısxalı Türklər də Xocalıda yaşayırdı. Şəhərin 7 min əhalisi var idi. Fərqanə faciəsi nəticəsində Özbəkistandan zorla sürgünə məruz qalan Axısxalı Türklərə sahib çıxan ilk dövlət Azərbaycan oldu. Azərbaycan xalqı Axısxalı Türkləri öz doğma qardaş və bacıları kimi qəbul etdi. Axısxa Türkləri də öz növbəsində qanı və canı ilə ermənilərin işğalçılıq siyasətinə qarşı çıxaraq Dağlıq Qarabağ müharibəsidə iştirak etdilər. Bu dostluq və qardaşlığın yalnız sözdə deyil özdə olduğunu nümayiş etdirdilər.
18 noyabr 1941-ci ildə anadan olan Gülali Binaliyev, daha 3 yaşında ikən Stalinin əmri ilə 14 noyabr 1944-cü ildə tarixi ana vətənləri olan Gürcistanın Samsxe-Javaxeti bölgəsindən Orta Asiya steplərinə sürgün edildi. Sürgün bölgəsi olaraq yerləşdirildikləri Özbəkistanda müəllim, direktor müavini, kənd sovetinin sədri, rayon sovetinin katibi kimi işlərdə çalışdı. Min bir əziyyətlə yurd saldıqları ölkədən yenidən sürgün edilən Gülali Binaliyev, 1989-cu ildə heç vaxt görmədiyi bir ölkəyə Azərbaycana ailəsi ilə birlikdə köç etmək məcburiyyətində qaldı. İlk olarak Saatlı rayonuna yerləşən Binaliyevlər ailəsi, burada bir ay qaldıqdan sonra Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərinə köç etdilər. 1989-cu ilin iyul ayından 1990-cı ilin mart ayına kimi Şuşa şəhərində yaşayan Binaliyevlər ailəsi, daha sonra Xocalı şəhərinə gələrək burada yerləşdi.

“Bizim millət zəhmətkeş bir millətdir.”

Gülali Binaliyev Xocalıya gəlmələrinin səbəbini belə izah edir: “Şuşa şəhər idi. Orada əkinçiliklə, əməklə məşğul olmağa imkan olmadığından biz ailəmiz ilə birlikdə Xocalıya köç etdik. Xocalıda erməni kəndlərinin ortasında yerləşdik. Ətrafımız dağlar ortadakı düzənlikdə isə Xocalı yerləşirdi. Bizim yerləşdiyimiz yer isə ermənilərə olduqca yaxın idi. Orada təhsil şöbəsində inspektor olaraq işləməyə başladım. Böyük oğlum sürücü idi. Özbəkistan Respublikasının Sırdərya vilayətində 1967-ci il, aprel ayının 9-da anadan olan ortancıl oğlum Binaliyev Alişir musiqi müəllimi işləyirdi. Elə həmin rayonda 1969-cu il avqust ayının 3-də anadan olan kiçik oğlum Binaliyev Cabbar isə sürücü işləyirdi. İtkin düşən hər iki oğlum orta məktəbi Özbəkistanda bitirdi. Orta məktəbi bitirdikdən sonra isə Sovet ordusunda həqiqi hərbi xidmət keçdilər. Böyük oğlum Bəxtiyarı Özbəkistanda, digər oğullarımı isə Şuşa şəhərində evləndirdim. Böyük oğlum Bəxtiyar sürücü işləyirdi. Ortancıl oğlum Alişir musiqiçi idi. Özbəkistanda da toylara gedir, orada musiqi ifa edərdi.Balaca oğlum da sürücü idi. Musiqiçi qardaşını ve dostlarını toylara aparıb gətirərdi.”
Fərqanədən Xocalıya…
“Bizim yanımızda bir azərbaycanlı ailəsi var idi. Onların ailəsini tamamilə məhv etdilər. Ailəsində heç kim sağ qalmadı.”

Gülali Binaliyev Xocalıda şahidi olduğu erməni vəhşiliklərini bu sözlərlə ifadə edir:
“1992-ci il fevral ayınınn 25-dən 26-na keçən gecə Xocalıya erməni kəndləri tərəfindən ağır artilleriya ilə hücuma başladılar. Əvvəlcə raketlərdən daha sonra isə tanklardan atəş açdılar. Daha sonra isə “Öldürücü Qoşun” hücuma keçdi. Qarşılarına çıxan kim vardısa hamısını öldürdülər. Oğullarımla birlikdə əlimizdə avtomat Xocalının müdafiəsində iştirak etdim. Zirzəmi düzəltmişdik. O zirzəmiyə uşaqları və qadınları gizlətdik. Atışma getdikcə güclənirdi. Güllələr başımızın üstündən yağmur kimi yağırdı. Ermənilər birdən gəldilər ki, zirzəmidən çıxın yoxsa bomba atacağıq. Biz də ailələrimizi zirzəmidən çıxarmağa məcbur olduk. Hamımız çıxdıq. Qollarımızı arxadan bağladılar. Ermənilər gəlinlərin, qızların bütün qızıllarını, sırğalarını, qolbaqlarını alıb apardılar. Hava çox soyuq idi amma buna baxmayaraq paltolarımızı və papaqlarımızı çıxarmağa bizi məcbur etdilər. Hava olduqca küləkli, qar isə dizə qədər çatırdı o gecə Xocalıda. Beləliklə bizim hamımızı Xankəndinə apardılar. Yıxılanı vuracağıq deyirdilər. Yıxılmamaq üçün bir birimizin çiyninə söykənirdik, əllərimiz də bağlı. Xankəndinə yaxın bir təpəlikdə dayandıq. Bu mənfur ermənilər ayaqqabılarımızı da çıxartdırdılar. Qarın üstündə bizə işgəncə verdilər. Sonra ayaqyalın formada Xankəndinə gətirdilər. Orada köhnə bir avtomobil bazasında bizi yeri beton olan bir yerə həbs etdilər. Bizim həbs edildiyimiz balaca yerdə təxmini olaraq 10-15 nəfər var idi. Bir bir çağırıb bizi sorğu suala tutmağa başladılar. Sıra mənə çatanda məni yuxarı bir yerə apardılar. Orda erməni mənə sual verdi ki, Siz Axısxa Türkləri nə üçün Azərbaycana gəldiniz? Mən də cavabımda Azərbaycanın, Ermənistanın və Qafqazdakı digər ölkələrin Sovet hakimiyyəti tərkibində olduğunu, bizim də bu ölkələrdə yaşamaq hüququmuzun olduğunu, Azərbaycanı isə vətənimiz qədər sevdiyimiz üçün gəldiyimizi dedim. Daha sonra isə məndən “Mixaylo”nu tanıyıb tanımadığımı soruşdular. Mən isə cavabımda Mixaylonun 1944-cü ildə Yugoslaviyada öldüyünü dedim. Amma onlar məndən onu deyil, mənimlə birliktə təhsil idarəsində işləyən Tofiq Hüseynovu soruşurdular. “Mixaylo” ləqəbi ilə məşhur olan Azərbaycanın Milli Qəhramanı Tofiq Hüseynov və digər cəsur oğullar, gecələri ermənilərdən mal qara oğurlayıb gətirirdi. Çünkü Xocalı dörd ay mühasirədə qaldı. Milli Qəhramanımız Tofiq Hüseynovun və dostlarının ermənilərin əllərindən alaraq gətirdiyi ərzaq sayəsində Xocalı sakinləri həyatda qaldı. Mən cavabımda onu tanımadığımı dedim. Halbuki mən onu çox yaxşı tanıyırdım.” dedi.
Binali Gülaliyevin verdiyi cavaba əsəbləşən qapı ağzında duran saqqallı erməni, erməni dilində nə isə deyir.Daha sonra isə saxladıqları yerin koridorunda avtomatın qundağı ilə başına vuraraq Gülali Binaliyevin başını ve qulağını yarır. Erməni vəhşiliklərinin canlı şahidi olan və iki övladı da “Xocalı Faciəsi” nəticəsində itkin düşən Gülali Binaliyev, daha sonra başına gələn hadisələr haqqında deyir:
Başıma aldığım o zərbələrdən sonra indi də başıma papaq qoymadan gəzə bilmirəm. Papaqsız gəzən kimi ağrılarım başlayır. Mən o zərbədən sonra bayılmışam. Rezin dubinka ilə mənə o qədər zərbə vurublar ki, artıq mən zərbələri hiss etmirdim. Məni o qədər döyüblər ki, sonunda elə biliblər ki, ölmüşəm. Ona görə də məni buraxıb gediblər. Bizə dedilər ki, sizi dəyişəcəyik. Üç oğlumun üçü də səngərdə döyüşürdü. Mən isə ailəmi qorumaq üçün onların yanında qaldım. Bizi erməni əsirlərlə dəyişdilər. Ağdam xəstəxanasına apardılar. Üzüm, gözüm sarğı içərisində idim. Axşam vaxtı böyük oğlum Bəxtiyar məni tapıb gəldi yanıma. Ertəsi gün Bəxtiyar qardaşlarını axtarmağa getdi. Amma tapa bilmədi. O iki oğlumdan bu günə qədər bir xəbər yoxdur. Hər yerə xəbər verdik amma tapa bilmədik. Dövlətimiz tərəfindən oğullarımın hər ikisinə şəhid vəsiqəsi verdilər.”
1992-cı ildə Qarabağdan didərgin salınan Gülali Binaliyev Ağdam xəstəxanasında sağaldıqdan sonra ilk olaraq Saatlı rayonunda yaşayan qohumlarının yanına gəldi. Altı ay orada yaşadıqdan sonra isə Şabran rayonuna köçdü. Burada 21 il məktəbdə müəllim və direktor vazifəsində işlədi. 2011-ci ildə isə Təhsil Nazirliyinin əmri ilə təqaüdə göndərildi. Xocalı faciəsi zamanı itkin düşən Binaliyev Alişir və Binaliyev Cabbar Gülali oğluna dövlətimiz tərəfindən şəhid statu verilib. Binaliyev Alişirin bir oğlan övladı var idi. Digər övladını qucağına alacağı günü gözləyirdi. Onun kiçik qardaşı Binaliyev Cabbarın isə bir qız övladı var idi.
Fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər əsl soyqırım idi. Xocalıda öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlardır. Ermənilər tərəfindən törədilən bu faciə nəticəsində 8 ailə bütövlükdə məhv edildi, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilidi. Onlar diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. Ermənilər hətta meyitləri də təhqir etdilər. Bütün bu vəhşiliklər yalnız və yalnız erməni xislətinə xas hərəkətlərdir. Xocalı Faciəsindən 25 il müddət keçməsində baxmayaraq hələ də bu faciənin geridə qoyduğu izlər təzədir. Azərbaycan dövləti heç bir ölkənin ərazi bütövlüyünə iddialı deyil. Azərbaycanın səsinin gur çıxması da işğalçı olmadığından və ədalətli mövqeyindəndir. Bundan sonra da Azərbaycanın haqq səsi olmaya davam edəcək, haqlı mübarizəmizdə əlimizdən gələn bütün imkanları səfərbər edərək haqq səsimizi dünyaya duyurmağa çalışacaq və Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyik.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində dərc edilir.
Sosial şəbəkələrdə paylaş: