“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » "MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR"


"MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR"

18-09-2017, 08:35
Oxunma sayı: 513
"MUSİQİDƏ ƏBƏDİLƏŞƏN ÖMÜR"Görkəmli bəstəkar, ictimai xadim, dirijor Müslüm Maqomayev Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyətlərdəndir.


Maqomayevin Azərbaycan musiqisində bəstəkar yaradıcılığının Avropa janrına uyğunlaşmasında çox önəmli rolu vardır. O hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq, operada çoxsəsli xora üstünlük vermək lazımdır. O ifaçı tərəfindən edilən improvizasiya üsulunun əleyhinə idi. Onun fikrincə operanın mütləq not yazısı olmalı, ifaçılar ciddi surətdə həmin not yazısını ifa etməli idi. Bu fikirlər Azərbaycan musiqisində səhnə əsərlərinin Avropa sayağı formalaşmasının ilk qığılcımları idi.
Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində sadə və zəhmətkeş silahqayıran dəmirçinin ailəsində anadan olmuşdur.


Maqomayevin musiqi ilə ilk tanışlığı evlərində başlamışdır. Atası dəmirçi olsa da musiqini çox sevən biri idi. Evdə olduğu zamanlarda qarmonda ifa edər, anası isə xalq mahnılarını oxuyardı. Erkən yaşlarından şərq qarmonunda çalmağı öyrənən Müslümdə uşaq yaşlarından musiqi duyumu sezilirdi.

İlk təhsilini Qroznı şəhər məktəbində alan Maqomayev 1900-cü ildə Qori müəllimlər seminariyasına daxil olur. Məhz burada Üzeyir bəylə tanış olur. Müslüm Maqomayevdən danışarkən Üzeyir bəyin adını anmamaq mümkün deyil. Üzeyir bəy və Maqomayev musiqi folkloru nümunələrini Qori seminariyasında oxuduqları vaxtdan nota salmağa başlamışdılar. Üzeyir bəy vaxtını Azərbaycan xalq musiqisinin əsaslarını öyrənməyə, Maqomayev isə xalq mahnı və rəqslərini nota salmağa sərf edirdi. Maqomayev hələ tələbəlik illərindən Qafqazyanı xalq musiqisinə maraq göstərir, Azərbaycan musiqisini dərindən öyrənərək xalq musiqi nümunələrini nota salmağa səy göstərirdi. Seminariyada oxuduğu müddətdə skripkada və qaboyda əla çalır, musiqinin tarix və nəzəriyyəsini dərindən öyrənirdi.
Qori seminariyasında çox zaman tələbələrin iştirakı ilə simfonik və nəfəsli orkestrin konsertləri keçirilər, simfonik orkestrin baş ifaçısı olan Maqomayev dəfələrlə bu konsertlərdə dirijoru əvəz edərdi.


Maqomayev 1904-cü ildə Seminariyanı bitirir və təyinatı üzrə Şimali Qafqaza işə göndərilir. 1905-ci ildən etibarən 6 il Lənkəranda müəllimlik edən Maqomayev burada nəfəsli alətlər orkestri, xor, eləcə də balayka çalanlar ansamblı təşkil edir. 1911-ci ildə Bakıya gələrək Azərbaycan opera truppasında fəaliyyət göstərir. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarına məhz Maqomayev dirijorluq edir. Maqomayevin Azərbaycan milli teatrına göstərdiyi xidmətlər, eləcə də müəllimlik sahəsindəki fəaliyyəti onu Üzeyir bəylə daha da yaxınlaşdırır.


Maqomayev 20-ci illərdən ömrünün sonunadək fəal surətdə ictimai işlə məşğul olmuşdur. 1921-ci ildən Xalq Maarifi Komissarlığının İncəsənət şöbəsinə rəhbərlik etmiş, 1929-cu ildən Azərbaycan Radio verilişlərinin musiqi şöbəsinə rəhbər təyin olunmuş, 1934-cü ildə isə opera teatrında direktor və bədii rəhbər vəzifəsində işləmişdir. Eyni zamanda Maqomayev teatrda dirijor kimi də fəaliyyət göstərirdi.


Bu illərdə o, bəstəkarlıq fəaliyyətinə də ara verməmiş, radio gününə həsr etdiyi "RV-8" radio-marşını, "Yaz", "Tarla", "May", "Neft" kimi kütləvi mahnıları yazmışdır. Qeyd etmək lazımdır ki, Maqomayev bir sıra səhnə əsərləri və sənədli filmlərə də yazılan musiqi əsərlərinin müəllifidir.


İlk səhnə əsəri olan "Şah İsmayıl" operasında Maqomayev milli folklor nümunələrindən bacarıqla istifadə etmişdir. Bu operanın üzərində bəstəkar çox zəhmət çəkmiş, hətta 1916-cı ildə tamamlanan operanı bir neçə dəfə redaktə etmişdir. O operada improvizasiya üsulundan uzaqlaşmağa çalışır, operaya xorlar, ariyalar, rəqslər əlavə edərək onu klassik opera formasına uyğunlaşdırmağa çalışırdı.
Nəhayət, Maqomayevin nadir sənət incisi, inqilabi mövzuda yazılmış ilk Azərbaycan operası- "Nərgiz" operası... Bəstəkar bu operada əsl Azərbaycan qadınının cəsurluğunu, inqilab uğrunda mübarizəsini ən gözəl boyalarla əks etdirmişdir.Operanın qəhrəmanı Nərgiz qorxmadan düşmənin gözünün içinə dik baxır və xainləri gözünü qırpmadan öldürür.


Maraqlısı budur ki, Maqomayev bu personajları xəyalən yaratmır, əksinə onun operasının iştirakçıları real həyatdan götürülmüş sadə insanlardır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyündə təqdim olunan bu opera böyük müvəffəqiyyət qazanmış, Azərbaycan musiqisinə verdiyi görkəmli xidmətlər nəzərə alınaraq bəstəkara Əməkdar İncəsənət xadimi adı verilmişdir.


Maqomayevi Üzeyir bəy novator adlandırır, hesab edirdi ki, Maqomayev təkcə özü üçün yox, bütün xalqın, bəlkə də, bütün bəşəriyyətin xoşbəxtliyi naminə həyata gəlib: "Müslüm Maqomayev əsl realist xalq bəstəkarı, Azərbaycan musiqi incəsənəti yolunda duran bütün sərhədləri amansızca vurub dağıdan cəsarətli novator idi".


Maqomayev Azərbaycan peşəkar musiqili teatrının banilərindən sayılır. Üzeyir Hacıbəylinin adı yad edilərkən daim Müslüm Maqomayev də anılır, onun xidmətləri heç zaman unudulmur. O, öz ömrünü musiqidə əbədiləşdirib, musiqini özündə təcəssüm etdirib. Onu əbədiləşdirən musiqidir və bu əbədiyaşarlığı qoruyub saxlamaq bizim mənəvi borcumuzdur.

Azərbaycan Milli Konservatoriyasının II kurs tələbəsi - Xalidə Allahverdiyeva (Musiqişünas)
Sosial şəbəkələrdə paylaş: