Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video
22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr Sərnişin avtobusu qəzaya uğradı



» » Dünyanı lərzəyə gətirən dəhşətli müharibə başlayıb


Dünyanı lərzəyə gətirən dəhşətli müharibə başlayıb

20-07-2017, 07:48
Oxunma sayı: 122
Dünyanı lərzəyə gətirən dəhşətli müharibə başlayıbRusiya öz haker qrupları ilə bəşəriyyət üçün növbəti təhlükə yaradıb; kiberhücumlar ölkələri iflic edir, bütün elektron sistemi çökdürür

Tarixi təcrübə göstərir - iyun ayı müharibə tanrısının sevib-seçdiyi, geninə-boluna şenləndiyi bir aydır. 1941-ci ilin 22 iyun günü alman-faşist təyyarələri səmada bir-iki dairə vurduqdan sonra yırtıcı quzğun dəstəsi kimi aşağı şığıyırlar. İlk olaraq Kiyevi amansız bombardmana məruz qoyurlar, sonra Ukraynanın digər şəhərlərini.

2017-ci ilin 27 iyun tarixində... qəribədir, yenə iyun ayında Kiyev növbəti dəfə belə amansız, gözlənilməz, qəfil bombardmana məruz qalır. Ancaq bu dəfə havadan deyil, internet şəbəkələrindən.


Əvvəlcə “Borispol” hava alanının mərkəzi məlumat lövhəsi qəfil sönür. Əli biletli hava sərnişinləri qalırlar gözlərini döyə-döyə. Bilmirlər hara, hansı ünvana müraciət etsinlər.


Az sonra təxribatın miqyası daha da genişlənir. Ukrayna Nazirlər Kabinetinin saytı qəfil donub iflic olur. Ardınca eyni taleyi bir çox ölkə telekanalları, hətta FM dalğalarındakı radiolar da yaşayıb qəfil xırp səslərini kəsirlər. Sonra ekranlardan hər cür görüntü silinir. Tamaşaçılar qara ekranla tək-tənha qalıb başlarını itirirlər. İstəyirlər sosial şəbəkələrə girməyə. Bu da alınmır. Ölkə prezidenti Petr Poroşenko, bir dəfə cəhd edir öz əl telefonunu açmağa, iki dəfə... Görür, yox eyyyy...bu həna əvvəlki hənalardan deyil. Görür, bütün ölkə ərazisində mobil xəbərləşmə xətləri qatışıb, girib bir-birinin qarnına. Ölkədə it yiyəsini tanımır.


Bir-iki saata bəlli olur ki, ölkəni silkələmiş, iflic vəziyyətinə salmış “Petya.A” bilgisayar virusu pul tələb edir öz çox saylı qurbanlarından. Deyir, pozduğum sənədləri yenidən bərpa etmək su içmək qədər sadədi mənimçün. Əliniz cibinizdə olsun. Filan ünvana “n” qədər pul köçürün, vəssalam.


Başılovlu Ukraynanın köməyinə ilk olaraq özünü Almaniya hakerləri çatdırırlar. Rabitəsiz qalmış Ukrayna hökumətinə xüsusi hostinq-yəni yeni telekommunikasiya xətti təklif edirlər. “Microsoft”un təhlükəsizlik sistemi də bu vaxt yaxasını kənara çəkmir. Ukraynaya qarşı bu kiber hücumun “M. E. doc” yenilənmə proqramından başladığını cəmi ikicə saata bütün dünyaya sübut edirlər. Proqram müəllifi - “İT Ekspert” şirkəti, tezliklə öz saytında elədikləri qələti boynuna alsa da, az sonra fikrini dəyişir. Sonrakı elanlarında deyir bəs biz deyilik bu biabırçılığın müəllifi. Təqsirkarı başqa ünvanda...
Rusiyada axtarın.


***


İLKİN İZ: Bu vaxt jurnalistlərin yadına düşür ki, hadisədən cəmi-cümlətanı üç saat öncə Kiyevdə amansız bir partlayış baş verib. Nəticədə Ukrayna təhlükəsizlik sistemi rəhbərlərindən biri - polkovnik Maksim Şapoval öz avtomobili ilə birgə partladılaraq havaya sovrulub. Tikəsi belə tapılmayıb. Həmin bu xüsusi təyinatlı zabit, Donbasdakı bir çox məxfi əməliyyatların müəllifi, fəal iştirakçısı kimi tanınıb bədbəxt Ukraynada. Partlayışdan iki saat sonra Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası sədri Aleksandr Turçinov bəyanatla çıxış edərək görün bir nə deyib: “Ukrayna Konstitusiyası günündə Kiyevdə Rusiya tərəfindən iki partlayış törədildi. Birincisi dar təyinatlıydı, ikincisi geniş. Biri, zabitimizi qətlə yetirdi, digəri isə ictimai həyatımızı. Deməzdim vəziyyət çıxılmazdı. Əlimizdən gələni edirik. Ukraynaya qarşı kibermüharibə başlayıb”.


***


DƏSTİ-XƏTT EYNİDİR: Biz uşaq deyilik. Çörəyi çoxları kimi qulağımızla yemirik. Bilirik “Petya.A” virusu özbaşına, kor-təbii yaranmayıb internet cəngəlliklərində. Müasir müharibələr, yadda saxlayın, kibersavaşlarsız ötüşmür. Ağlınızı başınıza yığın, həqiqətin göz bəbəkləri içinə baxmaqdan çəkinməyin - Ukraynaya qarşı əməlli-başlı müharibə elan edilib deyəsən. Hələlik biz bu müharibənin kiber fəslini, mövsümünü yaşasaq da, uzaq üfüqlərdəki tüstü-dumanı indidən görürük. Bilirik sabah bu qara duman pərdəsi təkcə Ukraynanı deyil, Azərbaycanı da sara bilər.


Əslinə qalsa, bu gün Ukraynanın başına gətirilən müsibətləri düz 10 il öncə oxşar şəkildə bir başqa ölkə - Estoniya da yaşayıb. Müəllifi də eynidir bu məxfi kiberəməliyyatların - vətənpərvər rus balası Konstantin Qoloskokov!

Rusiya QRU-nun bu məxfi əməkdaşı kibercasusluq, kibertəxribatlar üzrə dünya çapında ilk top onluğa daxildi bəlkə də. Bu Qoloskokov kibermüharibə sahəsində ilk təcrübəsini 2007-ci ilin aprelində, Estoniyada qazanıb. O vaxt, sovetdənqalma “Naməlum əskər”in tunc heykəli Tallinn küçələrindən yığışdırılıb zibilliyə atılanda aləm dəyir bir-birinə. İki gün Tallinn küçələrində it yiyəsini tanımır. Sonra Estoniya bütünlüklə rus hakerlərinin sarsıdıcı, dağıdıcı hücumlarına məruz qalır. Qoloskokov tülküdü, bilir məxfi sənədləri məhv etməkdənsə, sadəcə, bu sənədləri əks məzmunlu digərləri ilə əvəzləmək daha düzgündü. Yəni o, məxfi sənədləri oğurlamır, sadəcə, redəktə edir, yanlış məlumatlarla yükləyir. Nəticədə istifadəçilər bu sənədlərə aldanıb axırda min cür zibilə düşürlər.


Bu sahədə o, öz ilk addımını bayaq dediyimiz kimi Estoniyada atıb. Günahkarın-Estoniya baş naziri Andrus Ansipin saytında yerləşdiyi saxta sənəddə guya Rusiyadan üzr istəyib. Sənəd olduqca inandırıcıdır. Andrus Anspin o vaxtdan bəri kimi qarşısında görsə bərk diksinir. Başlayır qışqırmağa ki, bəs bu sənəd iftiradır, saxtadır. Bəs mən bu sözləri deməmişəm. Əclaf Qoloskokovu görüm ilan vursun. Məni bütün silahdaşlarımla düşmən etdi axırda...


Ukraynada da Qoloskokov eyni əclaflığı təkrarlayıb. Aldadıcı görüntü yaradıb guya bu kibertəxribatlar Rusiyanın deyil, sabiq vergi naziri Aleksandr Klimenkonun qara əməlləridir. Sonra mətbuatda xəbər yayıb bəs Klimenko Ukrayna xəzinəsindən 12 milyard dollar pul mənimsəyib. Özü də tək deyil, filankəslərin yardımı, iştirakı ilə.

***


DDOS-HÜCUMLAR: Estoniya o vaxt bu kiberhücumlarla təkbətək qalanda çətin duruma düşür. Bəlli olur ki, ölkədə bir sayt belə işləmir - banklar ödənişləri qəbul edə bilmirlər, təcili yardım heyətləri Tallin küçələrində sağa-sola vurnuxur, bilmirlər hara üz tutsunlar. Qatarlar yerindəcə mıxlanıb, qalıb, təyyarələr havaya qalxa bilmir. Bank kartlarının istifadəçiləri öz hesablarına girib pul çıxara bilmirlər.


Tezliklə Estoniya müdafiə naziri Yaak Aavilsoo mətbuata açıqlama verərək deyir: “Estoniya, genişmiqyaslı kiber hücuma məruz qalıb. Bank kartları dönüb plastik tullantıya. İşləmirlər. Bütün suallarınızı Hillar Aarelaidə-Estoniya Dövlət Kompüter komandası sədrinə ünvanlayın. Mən gücsüzəm. Oxşar haker hücumları dünyada DDOS hücumları adlanır. Allah bizə kömək olsun”.


Estoniya-Rusiya kiber müharibəsi nəticəsində hər iki dildə yeni bir kəlmə - “xaktivist” sözü yaranır. “Xaktivist”lər, kibermüharibələrdə dövlət tərəfində döyüşən bilgisayar aktivistləridi. Qara hakerləri aşkarlayıb müəyyən edir, sonra cəhənnəmə göndərirlər.


ZARAFAT: Qoloskokovun tülkülüyü bu nöqtədə hələ bitmir. Əksinə, sonra daha da geniş miqyas alır, vallah. O, sadəlövh estonlara yanlış bir iz atır. İzi götürən estonlar elə bilirlər Tallindəki rus kəşfiyyatının məxfi mənzilini aşkarlayıblar. Bəs guya rus kəşfiyyatının baş əlaqələndiricisi məhz bu ünvandan hərəkət edib Estoniyanı çökdürür. Müvafiq ünvana gələn xüsusi təyinatlılar qapını sındırıb içəri girəndə görürlər bilgisayar önündə gözü eynəkli 19 yaşlı zəif, sısqa bir rus balası əyləşib. Tünd qəhvədən içə-içə internetdə hakerlik edir. İddia edir ki, bütün Estoniyanı məhz o diz üstə çökdürüb.


XÜSUSİ QEYD: İnternet təhlükəsizliyi üzrə Avropa xartiyasını Çin ilə Rusiya indiyədək imzalamayıb. Səbəb aydındı. Bu ölkələr üçün kibermüharibələr ən ciddi, strateji sahələrdi. Moskva, Pekin qanlı müharibələri qansız kibermüharibələrlə əvəzləməyə hazırlaşır, deyəsən. Öz orduları tərkibində nəhəng kiber hissələr yaradırlar.


QƏTƏR NÜMUNƏSİ: Qoloskokovun təcrübəsi, dəsti-xətti bu yaxınlarda Qətərə qarşı işlədilib. Ölkənin dövlət sənədləri arxivinə girən qara hakerlər ora bəzi saxta sənədlər yerləşdiriblər. Sənədlərdə guya Qətərin İranla, beynəlxalq terrorçularla əməkdaşlığı təsdiq olunur. Nəticə çox acınacaqlıdır. Körfəz ölkələri Qətərə qarşı ultimatum səsləndiriblər. Deyiblər, özünü yığışdır, yoxsa...


***


Gördüyümüz kimi, kibermüharibələr indi həyatımızın tərkib hissəsinə çevrilir. Növbəti Qarabağ savaşı da hakerlərsiz ötüşməyəcək.


Ehtiyatlı olaq. Biz indi çox güclü antivirus proqramlarına möhtacıq.


Həmid HERİSÇİ
Sosial şəbəkələrdə paylaş: