İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » "Görəsən, məni bu İranda sevdikləri qədər Azərbaycanda da sevəcəklərmi?" - FOTO


"Görəsən, məni bu İranda sevdikləri qədər Azərbaycanda da sevəcəklərmi?" - FOTO

20-09-2016, 10:30
Oxunma sayı: 788
"Görəsən, məni bu İranda sevdikləri qədər Azərbaycanda da sevəcəklərmi?" - FOTO

Respublika.info modern.az-a istinadən xəbər verir ki, təəssüf ki, bu gün bəzilərinin nəzərində Habil Əliyev sənəti baməzə zarafatlara, lətifələrə uduzur. Yəni onu xatırlayanlar yalnız zaraflarına görə yada salırlar.

Habil Əliyev bir musiqi alətinin köməyi ilə şəxsiyyət fenomenini qazanan şəxsdir. Baxın, həm də bu faktı unutmaq olmaz! Olmaz.

Böyük sənətkarın il mərasimindən bir neçə gün keçib. Evdə yenə də qonaqlar var. Amma həyat yoldaşı Şərqiyyə Əliyeva hər zamankı mülayimliyi, nuraniliyilə suallarımıza cavab verməyə hazırlaşır. Deyir ki, ötənlərdən, keçənlərdən danışmaq ona da xoşdur. Amma əvvəlcə H. Əliyevin rəhmətə getdiyi bir ildə onun xalq, sənət yoldaşları tərəfindən unudulub-unudulmadığını, nə dərəcədə xatırlandığını xəbər alırıq:

- Habil müəllim bir ildir ki, rəhmətə gedib. Amma bu bir il müddətində, demək olar ki, hər gün xatırlandı. Həqiqətən də, bizim xalq sənətkarın qədrini bilən, ona qiymət verməyi bacaran xalqdır. Nə zaman televizoru açsan, hansısa telekanalda Habil müəllim haqqında ya nəsə danışılır, ya da nəsə nümayiş etdirilir.
Möhkəm xəstə düşüb xəstəxanaya yatırıldıqdan bir ay beş gün sonra dünyasını dəyişdi. Qısa müddətdən sonra biz onu xəstəxanadan evə gətirdik. Bu günlər ərzində sağ olsunlar, jurnalistlər, sənət adamları hər gün, hər saat Habil müəllimin səhhəti ilə maraqlandılar. Ölkəmizin başçısı və onun xanımı da Habil Əliyev xəstə olan zaman onunla xüsusi olaraq maraqlandılar.

Vəfat etdikdən sonra da xalqın onun xatirəsinə münasibəti çox müsbət oldu. Sağ olsunlar, yaddan çıxarmırlar. Baxın, bir jurnalist olaraq siz də xatırlamısınız. Baxmayaraq ki, artıq onun il mərasimindən də bir neçə gün keçib. İndi, ilahi təqdirdir, bunu kim poza bilər ki?! Dövlət də, xalq da əlindən gələni etdi ki, Habil müəllim heç olmasa bir il artıq yaşasın. Amma ilahi qanun pozulmur. Allahın əmri belədirsə, bunu nə iləsə dəyişmək olmaz. Nə etmək olar ki, təki hamının evində xoş günlər, xeyirli dəqiqələr olsun...
Bu yerdə Şərqiyyə xanım bizdən ayrılıb xatirələrə qonaq gedir. İnsanın yaddaşı insanın vətənidir deyirlər...
Hiss edirik ki, Şərqiyyə xanım bu "Vətən"də yenə də öz həyat yoldaşı ilə birlikdədir:

- Heç vaxt yadımdan çıxmaz... 1989-cu il idi. Bəxtiyar Vahabzadə Habil Əliyevin yaradıcılıq gecəsində maraqlı nitq söylədi. Dedi ki, mən Habil haqqında iki şeir yazmışam: birini İngiltərədə olanda, o birini isə Bakıda. Amma bunlarla bərabər deməliyəm ki, şəxsən mən Habil Əliyev üçün heç nə etməmişəm. Tək mən yox, ümumilikdə biz hamımız Habil Əliyev üçün hələ çox da yüksək nəsə etməmişik. Bəxtiyar müəllim bunu 1989-cu ildə, Habilin 60 illik yubileyində dedi. Baxmayaraq ki, o boyda şair Habil müəllim haqqında iki şeir yazmışdı, amma yenə də deyirdi ki, Habil Əliyevin bir sənətkar kimi əsl dəyəri gələcək 50 ildə bilinəcək. Bir faktı da deyim ki, Habilin şərəfinə yüzə yaxın şeir, məqalələr yazılıb. Bəziləri onun haqqında olan kitabda işıq üzü görüb, bəziləri isə hələ də arxivdədir.

Müsahibimiz "vətən"dən geri qayıdır və həmən əlavə edir ki, Habil Əliyevə olan hörmət, sevgi həmişə bizim sərhədlərdən də o tərəfə keçib. Elə indi də bu davam edir:

- Habil müəllimin il mərasiminə İranın mədəniyyət nazirinin müavini Muradxaninin göstərişi ilə 8 nəfərdən ibarət nümayəndə heyəti də gəlmişdi. Ümumiyyətlə, İranda Habil müəllim çox anıldı. İrandan onun dəfninə, qırx mərasiminə də gəlmişdilər. Tehran, Təbriz kimi şəhərlərdə Habil müəllim dəfələrlə anılıb. Bu həm bizim, həm də xalqımız və dövlətimiz üçün də yaxşıdır ki, İran kimi böyük bir dövlət Azərbaycan sənətkarını unutmur. Bu yaxınlarda aldığımız məlumata görə, İranın Mədəniyyət Nazirliyinin göstərişi ilə oranın Mədəniyyət Muzeyində Habil Əliyevin büstü qoyulacaq. Başqa ölkələrdə də bu hörmətin, sevginin şahidi olmuşuq.

Elə yeri gəlmişkən, maraqlı bir xatirəni də danışır. Hazır olun, 1990-cı illərin əvvəllinə gedirik:

- Yaxşı xatırlayıram... Biz 1990-cı illərin əvvəllində Moskvada olanda bədnam qonşularımızdan olan nümayəndələr Habil müəllimin ifasından çox təsirlənmişdilər. Ona yaxınlaşmaq, təşəkkür bildirmək istəyirdilər, ünsiyyətə can atırdılar. Amma Habil müəllim məlum səbəblərə görə, onlara qarşı çox qeyzli, əsəbi idi. Onlar deyirdilər ki, dövlət müharibəni aparıbsa, burada bizim nə günahımız var?! Biz ki, sadə xalqın nümayəndələriyik. Amma bununla belə, Habil müəllim onları özünə yaxın buraxmırdı.

- Şərqiyyə xanım, sizə belə bir sual verim: Habil müəllimin rəhmətə getdiyi bu bir ildə heç olub ki, qəfildən televizoru yandırasız və görəsiniz ki, kanallarının birində Habil müəllimi göstərirlər və bu veriliş sizi çox-çox uzaqalara aparır. O dəqiqələrdə nə kimi hisslər keçirirsiniz?

- Elə vaxt olur ki, heç özümüzün xəbəri olmur. Bir də görürsən ki, zəng vurub deyirlər ki, filan kanala baxın, Habil Əliyevi göstərirlər. Belə vaxtda ən çox bir hadisə yadıma düşür: Habil müəllim ömrünün son günlərində, yataq xəstəsi olanda mənə dedi ki, Şərqiyyə, mənim adımdan jurnalistlərə çox təşəkkür et. Mən xəstəyəm, amma baxıb görürəm ki, onlara üçün nə qədər maraqlı olmuşam... İnanın, jurnalistlərin bu canfəşanlığı onu yaxşı mənada kövrəldirdi. Hər saatdan, yarım saatdan bir evə zəng gəlirdi. Bu, bizi də, onu da sevindirirdi. Deməli, həqiqətən də Habil müəllim bu xalqa, onun mediasına bu qədər çox maraqlıdır. Hər dəfə onun barəsində televizorda bir veriliş gedəndə, yaxud haqqında danışılanda mən ən çox bu məqamı xatırlayıram.

- Sizcə, Habil müəllim öz dəyərini, layiqli yerini tapa bildimi?

- İldönümündə onun məzarı başında çıxış edənlərdən biri də akademik Rafael Hüseynov oldu. O da musiqini, muğamı, sənət tarixini çox gözəl bilir. Habil müəllim haqqında da ürəkdolusu danışdı. Onu da dedi ki, Habil Əliyev sənət müstəvisində bundan da artıq dəyər qazanmalıdı, onun sənəti tədqiq olunmalı, barəsində dissertasiyalar yazılmalıdır. Tehranda anım günlərində onu Nizami, Füzuli kimi dahilərlə bir sıraya qoyurdular. Bizim İrandakı keçmiş səfirin həyat yoldaşı musiqişünasdır. Mənə başsağlığı verməyə gələndə maraqlı bir məlumatı dedi. Bildirdi ki, Habil müəllim vəfat edən zaman dünyanın bir çox ölkəsindən olan musiqişünaslar ona başsağlığı veriblər. Həmçinin irad da bildiriblər ki, siz o cür sənətkarı niyə dünya miqyasında tanıda bilməmisiniz. O, niyə dünya miqyasında tanınmır?! Səfirin xanımı deyir, mən onlara cavab verdim ki, niyə elə deyirsiniz, o, dünyanın bütün ölkələrində konsertlər verib, hər yanda insanlar onu seviblər. Amma Almaniyadan, Fransadan, Rusiyadan, İngiltərədən olan musiqiçilər deyiblər ki, biz o cür tanıtımla razı deyilik. İstəyirik ki, sizin Habil Əliyev Paqanini ilə bir sırada olsun.
İrandakı səfirin həyat yoldaşı Zümrüd xanım o vaxtı mənə demişdi ki, Bakıya gəlsə, televiziya kanallarının birində çıxış edəcək, bu haqda danışacaq. Deyəcək ki, dünya ölkələrinin musiqiçiləri Habil müəllimə görə bizə irad tuturlar.

Bu cür söhbətlərin şah ifadəsi "yaxşı yadımdadır" kimi xatirələrə açar rolunu oynayan söz birləşməsidir. Şərqiyyə xanım bu açarı əlinə alan kimi yaddaşının rəfindən hansısa xatirənin qıfılını açır. Budur, birini - Təbriz xatirəsini bizə də danışır:

- Mən Habil müəllimlə dünyanın bir çox ölkələrini gəzmişəm. Amma İranda, xüsusən də Təbrizdə ona olan sevgi, hörmət heç yerdə olmayıb. Mən deyərdim ki, İranda Habil müəllimi Azərbaycandan da çox sevirlər. Biz 1990-cı illərin əvvəllərində Habil müəllimlə İrana getmişdik. Ona olan sevgini görəndə məndən soruşdu ki, Şərqiyyə, görəsən, Azərbaycanda da bir gün məni belə sevəcəklər? Təbrizdə insanlar onu əllərinin üstünə qaldırıb izdihamdan keçirirdilər... "

İrandan Yunanıstana bu qədər asanlıqla getmək yalmız yaddaş sürəti ilə ola bilər. Biz də "yollandıq" Yunanıstana:

- 2004-cü ildə Yunanıstanda Olimpiya Oyunları keçirilirdi. Habil müəllimi də şəxsən dəvət etmişdilər ora. O da dedi ki, "mən tək yox, xanımımla gəlirəm". Nə isə birlikdə getdik. Məşhur yunan bəstəkarı Ross dəvət etmişdi və Habilin şərəfinə böyük bir banket verdilər. Bu arada zalda olan böyük ekranlı televizorda bizim prezidenti göstərdilər. Onu görən kimi zalda olan hər kəs əl çalıb ayağa qalxdı. Sonra da qeyd etdilər ki, belə bir böyük sənətkarı olan ölkənin prezidenti üçün ayağa qalxıb, onu alqışlamaq olar. Hər dəqiqə yadıma düşəndə kövrəlirəm.

Son... Yaxud zarafatsız boşluqlarda addımlamaq...
Bir neçə il bundan əvvəl Habil müəllimin xanımı ilə müsahibə edərkən mərhum sənətkar da bizim söhbətə qoşulur, baməzə atmacalarından qalmırdı: "Arvad, eşidiblər ki, boşanmışıq, ona görə də gəlib səndən müsahibə alırlar". İndiki söhbətdə isə olmayan və yeri görünən məhz bu zarafatlar idi... Şərqiyyə xanım və övladları üçün də Habil Əliyevin yoxluğu elə həmin zarafatsız, müdrik qocasız boşluqlarda addımlamaqdır...
Yalnız unudulmamaq həmin boşluqlardakı zarafatcıl sənətkarı yenidən dirildə bilər... odur ki, "Onları unutmayaq"!!!


"Görəsən, məni bu İranda sevdikləri qədər Azərbaycanda da sevəcəklərmi?" - FOTO
"Görəsən, məni bu İranda sevdikləri qədər Azərbaycanda da sevəcəklərmi?" - FOTO
"Görəsən, məni bu İranda sevdikləri qədər Azərbaycanda da sevəcəklərmi?" - FOTO
Sosial şəbəkələrdə paylaş: