“Bayram süfrəsi sağlamlığınıza təhlükə olmasın!” Məhsəti Hüseynova, Sağlam qidalanma üzrə mütəxəssis Cəsur döyüşçü - Murad Quluzadə “Sağlamlıq imkanları məhdud uşaqlara dərs deyən daha bacarıqlı müəllimlər.” ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi.
“Əsirlikdən qəhrəmanlığa gedən yol” QHT "Qan Donorluğunun Əhəmiyyəti" mövzusunda veriliş hazırlayıb "Qan Donorluğuna və İslam dinində baxış" mövzusunda veriliş hazırlanıb "Region Gənclərinin Qan Donorluğuna münasibəti" mövzusunda veriliş hazırlanıb.
Gəncləri arasında Qan Donorluğu Könüllülüyünün təbliği layihəsi çərçivəsində Vebinar keçirilib “Sağlam Qida” Könüllülərinin Qarabağ və Gəncə Forumu keçirildi Qida təhlükəsizliyinin təmin olunmasında İctimai Nəzarət mexanizminin rolu layihəsi yekunlaşdı Tariximizin qəhrəmanlıq səhifəsi



» » Cəsur döyüşçü - Murad Quluzadə


Cəsur döyüşçü - Murad Quluzadə

26-12-2020, 15:39
Oxunma sayı: 295
Cəsur döyüşçü - Murad Quluzadə
Komandanlığın tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə mükafatlandırılanlardan biri də Murad Quluzadədir.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda müharibədə iştirak edən, torpaqlarımızın işğaldan azad edilməsində xidmətləri olan hər bir hərbi qulluqçu, şəhid ailəsi, Qarabağ qazisi daim diqqət mərkəzində saxlanılır. 44 günlük Vətən Müharibəsinin iştirakçılarına, şəhid ailələrinə də ölkə rəhbərliyi səviyyəsində diqqət və qayğı göstərilir, onların mənzil-məişət, sosial problemlərinin həlli, sağlamlıqlarının bərpası üçün mühüm addımlar atılır. Prezident İlham Əliyevin 9 dekabr tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş 83 nəfər hərbi qulluqçu "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Eyni tarixdə imzalanmış digər bir sərəncamla 3 nəfər, o cümlədən iki şəhidimiz – General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüblər. Dövlət başçısının dekabrın 15-də və 18-də imzaladığı sərəncamlarla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş, şəxsi mərdlik və igidlik göstərmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş yüzlərlə hərbi qulluqçu "Vətən uğrunda”, "İgidliyə görə”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif ediliblər. Dekabrın 24-də imzalanan daha bir sərəncamla Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş yüzlərlə hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Cəsur döyüşçü - Murad Quluzadə

"Bütün əsgərlər düşünmədən önə çıxdılar”

Təltif olunanlardan biri də Gəncə şəhər sakini Murad İmamət oğlu Quluzadədir. Sərəncamlarda qeyd edildiyi kimi, o, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etdiyinə, qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanmasındakı xidmətlərinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
M.Quluzadə 19 mart 1999-cu ildə Gəncə şəhərində anadan olub. 2016-cı ildə Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı orta məktəbi bitirib. Elə həmin il imtahan verərək Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub, "Biznesin idarə edilməsi” ixtisası üzrə ali təhsil almağa başlayıb. 2020-ci ilin iyun ayında ali təhsilini başa vuran M.Quluzadə, iyulun 2-də həqiqi hərbi xidmətə çağırılıb. Ağcabədidəki "N” saylı hərbi hissədə xidmət edən, cəmi 3 ayın əsgəri olan M.Quluzadə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını almaq üçün döyüşlərə ilk cəlb edilən hərbi qulluqçulardan olub. Özünün söylədiyinə görə, döyüşlərə könüllü qatılıb, Füzuli və Cəbrayıl istiqamətində erməni işğalçılarına qarşı vuruşub: "Üç ay idi ki, hərbi xidmətdə idim. Sentyabrın 27-də bölük komandiri şəxsi heyəti sıraya düzdü və Ermənistan silahlı birləşmələrinin yenidən təxribatlar törətdiyini, yeni əraziləri işğal etmək üçün hücuma keçdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Kim bu döyüşlərdə iştirak etmək, düşmənə qarşı vuruşmaq, Vətənin müdafiəsində iştirak etmək istəyirsə, bir addım önə çıxsın: "Təsəvvür edin, bütün əsgərlər, düşünmədən önə çıxdılar. O anı sözlə təsəvvür etmək mümkün deyil. Yaşından və xidmət müddətindən asılı olmayaraq hər bir Azərbaycan əsgəri ölkənin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağ probleminin birdəfəlik həllini tapması üçün döyüşə atılmağa hazır idi. Təbii ki, komandanlıq hərbi hissədəki zəruri işləri, oradakı xidmətin də vacibliyini nəzərə alaraq, şəxsi heyətin heç də hamısını döyüşlərə cəlb etmədi. Lakin fəxr edir, qürur hissi keçirirəm ki, düşmənə qarşı savaşanlar arasında mən də var idim”.

Cəsur döyüşçü - Murad Quluzadə

Əsgər və zabit arasındakı münasibət

M.Quluzadə Ağcabədidəki hərbi-hissədə rabitə bölüyünün əsgəri olduğunu söyləyib. Bildirib ki, əsas vəzifəsi hərbi birləşmələr arasında rabitə əlaqəsini tənzimləmək olub. Buna baxmayaraq, döyüşlərdə quru qoşunlarının atıcı əsgəri kimi iştirak edib: "İlk döyüşümüz Füzuli rayonu istiqamətində oldu. Düşmənin müdafiə xəttini yarıb irəliləyirdik. Ardıcıllıqla işğaldan azad etdiyimiz ərazilərdə postlar qurur, onun mühafizəsini təşkil edir, əlavə şəxsi heyət cəlb edildikdən sonra yenə də irəliyə gedirdik. Oktyabrın 6-dan yenidən hücuma keçdik. Oktyabrın 8-ə qədər Cəbrayıla qədər irəlilədik. Cəbrayılın yaşayış məntəqələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralandım və beləliklə də, döyüş yolum oktyabrın 8-ə qədər oldu. Əsgər yoldaşlarımın, zabit, gizir və çavuş heyətinin yalnız bir amalı var idi, torpaqlarımızın hamısını ermənilərdən təmizləmək. Hər kəs yalnız bunu düşünürdü. Hərbçi yoldaşlarımızın şəhid olması, yaralanması bizim gözümüzü qorxutmur, əksinə düşmənə olan qəzəbimizi bir qədər də artırırdı. Yüngül yaralansa da huşu özündə olan, özünü idarə edən hər bir hərbi qulluqçu yenidən döyüşlərə qatılmağa can atırdı. Bu, Ordumuzdakı yüksək döyüş ruhunun, vətənpərvərlik hissinin hansı səviyyədə olduğunu açıq-aydın göstərirdi. Əsgər və zabit arasındakı münasibət rəsmiyyətdən çıxıb qardaşlığa, doğmalığa çevrilmişdi. Hər bir əmri canla-başla, gülərüzlə qəbul edir, yerinə yetirirdik. Maddi-texniki təchizatımız da yüksək səviyyədə idi. Ali Baş Komandan İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, bir an da olsun kimsə geri çəkilməyi düşünmürdü, bir dəfə də olsun Ordumuz azad etdiyi hansısa mövqedən geri çəkilmədi. Əsgər yoldaşlarımızın, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına, şücaəti, qəhrəmanlığı hesabına son ana qədər vuruşduq, torpaqlarımızın azad edilməsinə nail olduq”.

Cəsur döyüşçü - Murad Quluzadə

"Özümüzə sığışdıra bilməzdik ki...”

İşğal olunmuş ərazilərdə doğulmayan, oraları ömründə bir dəfə də olsa görməyən M.Quluzadə "Azərbaycanın hər qarışı Vətəndir” deyib döyüşə atılmasından, azad olunan ərazilərdə keçirdiyi hislərdən də söhbət açıb: "Düzü, o torpaqları indiyə qədər heç vaxt görməmişdim. Amma bunun heç bir fərqi yox idi. Mən azərbaycanlı idim və Vətənimin ərazi bütövlüyünün pozulması bir gənc kimi mənim də qayğılandırır, düşündürürdü. Babalarımın, nənələrimin, valideynlərimin Vətən həsrəti, Qarabağ, Göyçə dərdi və təsvirləri ilə üzünü görmədiyim o yerləri sevmişdim, yenidən o torpaqlara sahiblənməyi istəmişdim. Bu amal idi bizi döyüşlərə cəlb edən, ölümü gözardı edən. Şəhidlərimizi, yaralılarımızı, qazilərimizi gördükcə daha da irəliyə can atır, qisas hissi ilə alışıb-yanırdıq. Özümüzə sığışdıra bilməzdik ki, arxa cəbhədə gizlənək, döyüşlərdə iştirak etməyək. Bu, bir tarix idi. Biz bu tarixin iştirakçısı olduq. Sevinirəm ki, zəfər tariximizin yazılmasında zərrə qədər də olsa əməyim var. Bu, mənim üçün böyük fəxrdir. Azad etdiyimiz yaşayış məntəqələrində olarkən keçirdiyimiz fərəh və sevinc hissini isə sözlə ifadə etmək çox çətindir. Onu yaşamaq gərəkdir”.

Cəsur döyüşçü - Murad Quluzadə

İki dağın arasından hücuma keçməyə hazırlaşırdıq

Cəsur döyüşçümüz yaralanmağından təəssüflə danışıb. Qeyd edib ki, bu hadisə onun sona qədər döyüşlərdə iştirak etməyini əngəlləyib: "Oktyabrın 8-ə qədər düşmən postlarını ala-ala irəlilədik, bir çox yaşayış məntəqələrini azad etdik. Cəbrayıl ərazisində müvəqqəti dayanıb həm dincəlmək istədik, həm də təminatın bizə çatdırılmasını gözlədik ki, növbəti hücumu təşkil edə bilək. Döyüş aparılması qaydasına görə, biz bir qədər irəlilədikdən sonra mövqe tutmalı, möhkəmlənməli, gözləməliyik ki, digər hərbi texnikalar, silah-sursat təchizatı gəlib çatsın, o cümlədən xüsusi rabitə maşını bizə yaxın yerdə mövqe tutsun. Bu halda hərbi birləşmələr arasında rabitə əlaqəsi təmin olunur, hücuma keçən hərbçilərin arxa mövqedəki hərbçilərlə əlaqəsi itmir. Biz də bu məqsədlə uyğun bir mövqe seçib dayandıq. Əvvəl silah-sursat, ardınca rabitə maşınları gəlib çatdı. Azacıq fasilə verib, dincimizi alıb iki dağın arasından hücuma keçməyə hazırlaşırdıq. Elə bu vaxt səmada erməni PUA-sı göründü və yerləşdiyimiz ərazi minaatanlardan atəşə tutuldu. 120 millimetrlik mərmi qəlpələrindən yayınmaq üçün özümüzü nisbətən aşağıya doğru atır, daldalanacaq seçirdik. Elə bu vaxt mərmi düz yanımıza düşdü və əsgər yoldaşım Zeynallı Rəşad ağır qəlpə yarası alaraq şəhid oldu. Növbəti mərminin zərbə dalğası məni tutdu və mən dağ yamacının aşağısına çırpıldım. Bununla yanaşı, partlayan silah-sursat maşınının ağır təkəri də zərblə üzərimə düşdü. Əvvəlcə məni Füzulidəki xəstəxanaya yerləşdirdilər, ilkin yardım göstərildikdən sonra isə Bakıdakı hərbi hospitala gətirdilər. Sonradan həkimlərin dediyinə görə, sağ çiyin bağlarım qopub, ağır kəllə-beyin travması almışam. İndi vəziyyətim yaxşıdır. Həkimlərimiz, eləcə də könüllü vətəndaşlarımız bizə çox yaxşı qulluq göstərdilər. Onların sayəsində yenidən ayaqdayam”.

Cəsur döyüşçü - Murad Quluzadə

"Medalla təltif olunacağımı gözləmirdim”

Hərbi hospitalda təxminən bir aylıq müalicə keçən M.Quluzadə Xəzər rayonu Buzovna qəsəbəsindəki reabilitasiya mərkəzində sağ çiyninin və qolunun hərəkətliliyini təmin etmək üçün əlavə 14 gün müalicə kursu keçib. Hazırda məzuniyyətdə olan qəhrəmanımız yenidən hərbi xidmətə yollanmağı düşünür: "Mən cəmi 3 ay idi ki, hərbi xidmət keçirdim. Bunun ardınca döyüşlərdə iştirakım, yaralanmağım, müalicə və məzuniyyət müddətim ümumilikdə 6 ay edir. Ali təhsilli olduğum üçün hərbi xidmət müddətim tam bir ildir. Geriyə qayıtmalı və 6 ay müddətli hərbi qulluqçu kimi xidmət etməliyəm. Yanvarın 3-də məzuniyyətim bitəcək və yenidən şəhadətlənməyə gedəcəyəm. Əgər xidmətə yararlılığım təsdiq olunacaqsa, əlavə 6 ay da xidmət edəcəyəm. Yox əgər təsdiq olunmazsa, qazı kimi tərxis olunacağam. Bu, yanvarın 3-ü və ya 4-ü komissiyanın barəmdə verəcəyi qərardan asılı olacaq”.

Cəsur döyüşçü - Murad Quluzadə

Vətənin azadlığı, bütövlüyü naminə

Qəhrəman əsgərimiz "Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülməsi ilə bağlı təəssüratlarını da bizimlə bölüşüb. O, bunu Vətən qarşısında borcuna, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində bacardığını əsirgəmədiyinə görə dövlətin ali rəhbərliyi tərəfindən verilən böyük dəyər kimi qiymətləndirib: "Hansısa medalla təltif olunacağımı gözləmirdim. Biz döyüşlərdə iştirak etmək üçün irəli atılanda bunu ağlımızdan da keçirmirdik. Yeganə istəyimiz, arzumuz 30 ilə yaxın davam edən işğala son qoymaq, ərazi bütövlüyümüzü qorumaq, torpaqlarımızı işğaldan azat etmək, bizdən sonrakı nəsillərə Qarabağ problemini yaşatmamaq idi. Mənim də bu yolda zərrə qədər əməyim, xidmətim varsa, bundan fəxarət hissi keçirirəm. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən bu xidmətlərimin nəzərə alınması, medalla təltif olunmağım mənə görə böyük dəyərdir. Bu, mənim üçün gözlənilməz oldu. Bu xəbəri mənə atam verdi. Müalicə aldığım mərkəzə telefonla zəng vurub mənimlə danışdı, dedi ki, Prezident tərəfindən medallara layiq görülübsən. Buna görə cənab Prezidentə, xidmətlərimi qeyd edərək mükafatlanmaya təqdim edən komandanlığa minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Vətənin azadlığı, bütövlüyü, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması naminə hər an xidmətə hazırıq”.

Rufik İSMAYILOV
Cəsur döyüşçü - Murad Quluzadə
Cəsur döyüşçü - Murad Quluzadə
Sosial şəbəkələrdə paylaş: